ÜSUL (müxtəlif mənalarda) [Rüstəm boy:] Bu üsul ilə nə qədər şar salmışam, özüm də hesabını itirmişəm (S.S.Axundov); ÇƏM (dan.) Çingiz: ...Bəri başdan mənə suyun yerini, evin-eşiyin çəmini öyrədin (C.Məmmədquluzadə); DÜSTUR Həmən bu düsturu öyrənib də sən; Ər oğlu ər kimi tab et bəlaya (S.Vurğun); QANUN ..hər bişmişin öz qanunu və öz xasiyyəti var (C.Məmmədquluzadə); QAYDA Şahbaz bəy: Gələn il bir özgə qayda ilə paltar geyəcəklər (M.F.Axundzadə); MİNVAL Qarovulçu: Bu minvalla hökumətin iki yüz otuz üç pud ununu oğurlayıblar (H.Abbaszadə); SİSTEM Qubernator: Yox, bu sistemdir, plandır (C.Cabbarlı); TƏHƏR At: ..bir də poladdan bir bıçaq qayırtdırsın, sonra mən sənə təhərini deyərəm (Nağıl); TƏRİQ Axliyev münaqişə təriqi ilə yazdığı sonrakı məqalələrində əsas yanlış fikrini bir az da dərinləşdirdi (M.İbrahimov); TƏRZ Arvad gözucu vərəqəyə baxıb, iri ağzının qaim dodaqlarını iyrənc bir tərzdə büzdü (H.Seyidbəyli); VASİTƏ Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab (Ə.Haqverdiyev); VƏCH (kl.əd.) Elə asan vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı (C.Məmmədquluzadə); VƏSİLƏ Mirzə Məhəmmədqulu: Bu vəsilə ilə sizləri bəlkə qaranlıq aləmindən çıxardı (C.Məmmədquluzadə); YOL (dan.) Həcər xanım: Onda bircə yol qaldı (S.S.Axundov); METOD, TAKTİKA (bax).