Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair.
== Həyatı ==
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir.
== Yaradıcılığı ==
Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.