Bu məqalədəki nümunələr və perspektivlər mövzuya dünya miqyasında baxışı əks etdirməyə bilər. |
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906[1], Təbriz – 18 sentyabr 1988[1], Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair.
Məhəmmədhüseyn Şəhriyar | |
---|---|
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi | |
Təxəllüsü | Şəhriyar |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Dəfn yeri | |
Vətəndaşlığı | İran |
Milliyyəti | Azərbaycan Türkü |
Həyat yoldaşı | Azizə |
Atası | Hacı Mirağa Xoşginabi |
Anası | Kövkəb xanım |
Təhsili | |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1931-1988 |
Əsərlərinin dili |
Azərbaycan dili Fars dili |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur[2]. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur[3]. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir.
Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı. Artıq 1920-ci illərin ortalarından etibarən artıq istedadlı bir gənc şair kimi tanınmağa başlamışdı. Hamı onu Seyid Məhəmmədhüseyin Behcət Təbrizi kimi tanıyırdı. Bir gün o özünə təxəllüs götürmək fikrinə düşür, bunun üçün Hafizin "Bəxtnamə" kitabını açır və bəxtinə "Şəhriyar" adı çıxır, Bu ad onun xoşuna gəlir və onu özünə təxəllüs kimi götürür, o vaxtdan poeziya aləmində onu "Seyid Məhəmmədhuseyin Şəhriyar" kimi tanıyır və sevirlər[4]. Məhəmmədhüseyin Şəhriyarın yaradıcılığı çoxşaxəlidir. Azərbaycan, Vətən sevgisi onun əsərlərində möhtəşəmliyi ilə ifadə olunmuşdur. Azadlıq ruhu onun Vətən mövzulu əsərlərinin poetik vüsətini təşkil edir. Mübarizə, əzm, birlik Şəhriyar poeziyasının nüvəsində dayanır, vulkanik bir vüsətlə meydana çıxmışdır[5]. O, öz yaradıcılığında müxtəlif mövzulara müraciət etmiş və yazdığı əsərlərdə duyğularını, fikirlərini səmimiyyətlə ifadə etmişdir. Məhəmmədhüseyn Şəhriyarın ilk mətbu şeiri 1913-cü ildə, 8 yaşında ikən, Təbrizdəki Məhəmmədiyyə orta məktəbində oxuduğu zaman "Ədəb" jurnalında dərc edilmişdir[6] Əsərlərini qəzəl, qəsidə, məsnəvi, qitə, rübai janrında yazan ustad sənətkar ədəbiyyatı zənginləşdirmiş, hələ sağlığında klassik şair səviyyəsinə yüksəlmişdir[4]. Xəlqilik, vətənpərvərlik, humanizm, azadlığa, bərabərliyə, sülhə çağırış Şəhriyar poeziyasının başlıca mövzularıdır[7]. Məhəmmədhüseyn Şəhriyar Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biridir. Onun sənəti həm türk, həm də farsdilli ənənələr zəminində inkişaf etmişdir, dövrünün ictimai-siyasi hadisələrinin bədii əksi Şəhriyar şeirinin əsas mövzusu olmuşdur, Şəhriyar poeziyasının üfüqlərinin genişliyi bilavasitə onun xalq həyatına yaxınlıq və bağlılığı ilə əlaqədardır[8]. Şairin şeirlərində forma və məzmun vəhdətini yüksək qiymətləndirmişdir. Güney Azərbaycanın tanınmış tədqiqatçısı Əli Sərhənginin araşdırmasına görə Şəhriyarın ilk şeir kitabı 1926-cı ildə "Sədaye-xuda" (Tanrının səsi) adı ilə çap olunmuşdur[9]. Bu kitab Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur. Öz ana dilinin təəssübkeşliyi Şəhriyar sənətində xüsusi bir mərhələdir. "Türkün dili", "Dərya elədim", "İman ilə getdi", "Azadlıq quşu", "Varlıq", "Türk övladı, qeyrət vaxtıdır" və onlarla başqa şeirlərində о, bu və ya digər formada doğma dilinin üzləşdiyi çətinliklər, bu dilin intəhasızlığı, danışıq və şeir dili kimi əvəzolunmazlığı və s. haqqında fikirlər söyləyir: Türkün dili tək sevgili, istəkli dil olmaz,
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şeirini farsa, ərəbə qatmasa şair,
Şeiri eşidənlər, oxuyanlar kəsil olmaz[10].
M. Şəhriyarın ana dilində yazmış olduğu şeirlərə misal olaraq "Behcətabad xatirəsi", "Qaranlıq gecələr", "El bülbülü", "O taydan gələnə", "Pərvanə və şəm", "Dan ulduzu da batdı", "Alnımın yazısı" və s. kimi bədii nümunələri göstərmək olar. Şəhriyarın ana dilində yazdığı şeirləri arasında Bakıdakı qələm dostlarına həsr etdiyi şeirlər, yazdığı mənzum məktubları böyük maraq kəsb edir. Xalq şairləri Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Səməd Vurğun, Balaş Azəroğlu, Hökumə Billuri, Söhrab Tahir, şərqşünas alim, professor Rüstəm Əliyevə ünvanlanmış şeirləri buna parlaq misaldır: " Məmməd Rahim həzrətlərinə cavab", "Qardaşım Süleyman Rüstəm[11]ə ithaf", " Can Rüstəm", "El bülbülü", " Döyünmə, söyünmə", "Gözün aydın" əsərlərində Bakı həsrəti çox güclü ifadəsini tapmışdır[4]. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M. Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:
Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan…
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan![12].
Məhəmmədhüseyn Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydərbabaya salam" poeması olmuşdur.[13]. Dahi Şəhriyarın Azərbaycan dili qarşısında ən böyük xidməti "Heydərbabaya salam" poeması və Cənubi Azərbaycanda bu dilin sadə ədəbi dil formasını yaratması, eyni zamanda ana dildə yazıb-yaratmaq ənənəsini bərpa etməsidir[14]. Poema iki hissədən ibarətdir. Şəhriyar poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazmışdır. Birinci hissədə 77, ikinci hissədə isə 48 bənd vardır. Poemanın birinci hissəsində təbiət təsvirləri, ilin fəsilləri, camaatın əkin-biçinlə məşğul olması, sadə insanların sevinci, kədəri, toyu, matəmi, adət-ənənələri öz əksini tapır. "Heydərbabaya salam" poeması haqqında ilk elmi məqalə hesab edilən, 1955-ci ildə "Azərbaycan" dərgisində çap olunmuş "Ədəbi bir hadisə" adlı məqalənin müəllifi Məmməd Əmin Rəsulzadədir[15]. Şair əsərdə "Heydərbaba səni Vətən bilmişdim, Vətən deyib baş götürüb gəlmişdim" — deməklə Heydərbaba dağının onun üçün müqəddəs ana vətənin rəmzinə çevrildiyini etiraf etmişdir[16] Bütövlükdə "Heydərbabaya salam" poeması Vətən haqqında qüvvətli poetik manifestir. "Heydərbabaya salam" poemasında şair özünün də bədii obrazı canlandırılmışdır. Akademik Bəkir Nəbiyev bu haqda qeyd etmişdir ki, lirik qəhrəmanla müəllif arasında tam eyniyyət olmasa da yaxınlıqlar, səsləşmələr müşahidə edilir[17].
Ustad Məhəmmədhüseyn Şəhriyar 18 sentyabr 1988-ci ildə Tehranın Mehr xəstəxanasında dünyasını dəyişmiş, 20 sentybar Təbrizdəki Surxab qəbiristanlığında "Məqbərətüş-şüəra"da ("Şairlərin məqbərəsi"ndə) dəfn olunmuşdur[18]. Həmin gün Cənubi Azərbaycanda milli matəm günü elan edilmişdir.
Ədibin irsi tərcümə edilmişdir. Şairin tərcüməçilərindən Mirmehdi Seyidzadə, Məmməd Mübariz Əlizadə, Hökumə Billuri, Fikrət Sadıq, Q. Beqdeli, Ə. Hüseyni, Mədinə Gülgün, Balaş Azəroğlu, Hüseyn Kürdoğlu, N. Rizvan, X. Rza, M. Sultanov və b. göstərmək olar. M. Sultanovun tərcüməsində "Gülsatan qızcığaza", " Vəhşi gül", " Sənturun məzarı", H. Billurinin tərcüməsində " Maarifimiz", "Mənim eybim", "Təbin quyusu", " Cavanlıq şərbəti" və başqa qitələri böyük maraq kəsb edir, azərbaycanlı oxucular tərəfindən sevə — sevə oxunurlar. Şairin tərcümə olunmuş əsərləri arasında məşhur qəzəlləri (" Cənnət quşu", "Hidayət çırağı", "Hafiz əbədidir", "İnsan ol", "Həzin nalələr" və s.), məsnəviləri (" Gecənin əfsanəsi", " Haqqın səsi", " Dağın simfoniyası", " Şeir və hikmət" və s.), qəsidələri ("Həyat", " Əziz Azərbaycanıma xitab", "Sədinin barigahında", "Milli ideal", "Səba ölərmi?" və s.), mütəfərriqələri ("Bilik", "Behişt və cəhənnəm", "Bədbəxtlik", "Təbriz şəhəri", "Camal və Kamal", "Yetim uşaq" və s.) də sevilərək oxunur[4].
Məhəmmədhüseyn Şəhriyarın zəngin yaradıcılıq irsi özünün mövzu dairəsinə, əhatə imkanlarına görə olduqca genişdir. Ədibin yaradıcılığı həm İranda, həm də Azərbaycanda daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Ə. Atəş, Q. Beqdeli, H. Billuri, Böyük Nikəndiş, Ə. Əbülfəzl, C. Əlizadə, H. Məmmədzadə, K. Məşrutəçi Sönməz[19], İ. Həbibbəyli, T. Əhmədov, H. Məhəmmədi, Ə. Kaviyanpur, G. Baxşəliyeva, İ. Qəribli[20], E. Fuad, E. Quliyev, M. Məhəmmədi, N. Əlizadə, M. Məhəmmədhüseyn, Z. Mənuçöhr, H. Münzəvi, B. Nəbiyev, F. Nüsrətullah, N. Rizvan, S. Əmirov, Y. Şeyda, Ə. Bije, S. Bayramzadə, A. Həsənova və b. şairin həyat və yaradıcılığı haqqında tədqiqatlar araşdırmalar aparmış, monoqrafiya, kitab və məqalələr yazmışlar. Azərbaycanda milli şəhriyarşünaslıq məktəbi formalaşmaqdadır. 2023-cü il, mayın 21-də Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan vebsaytın təqdimatı keçirilib
13 mart 1996-cı ildə Azərbaycan və İran ədəbiyyatlarının inkişafında böyük xidmətləri olan Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsinin Azərbaycanın ədəbi-mədəni həyatı üçün müstəsna əhəmiyyətini nəzərə alaraq qərar qəbul edilmişdir[21]. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyarın vəfat etdiyi gün — sentyabrın 18-i 2002-ci ildən İran milli şeir və ədəbiyyat günü kimi Parlamentdə təsdiq olunub. 2021-ci il mayın 21-də Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan vebsaytın təqdimatı keçirilib 1