Müseyib bəy Əxicanov
Müseyib bəy Əxicanov, Axıcanov və ya Axıcanlı (Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov; 12 oktyabr 1892, Cavad qəzası – 30 aprel 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Bakı quberniyasının qubernatoru, Bakı quberniyası qubernatorunun köməkçisi.
== Həyatı ==
Əxicanov Müseyib bəy Qəhrəman bəy oğlu 1892-ci ildə Cavad qəzasının Tomarxanlı kəndində (indiki İmişli rayonu) (sonradan onun yaxın və uzaq qohum əqrabası indiki İmişli rayonu Cəfərli kəndi yaxınlığına köçmüşlər və həmin ərazi Axıcanlı kəndi adlanır) anadan olmuşdur. O da Rəşid bəy Axundzadə ilə bir yerdə Kiyev Universitetinin Hüquq fakültəsini bitirib. Yusif Vəzir Çəmənzəminlinin ən yaxın dostlarından biri olub.
Müseyib bəy Əxicanov Süleyman Ələsgərovun xalası oğludur.
== Siyasi fəaliyyəti ==
Müseyib bəy 1918-ci ildə türk ordusu Bakını alandan sonra Fəthi bəy Bakının qubernatoru olanda onun müavini vəzifəsində çalışıb. Sonra bir müddət qubernator və Cümhuriyyət parlamentinin üzvü olmuşdur.Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na (1918, 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. "Müsavat" və bitərəflər fraksiyasının üzvü idi.
== Xatirəsi ==
Məhəmməd Əmin Rəsulzadə 1954-cü ilin 28 mayında Ankarada Kültür Dərnəyindəki çıxışında "adları və xatirələri hamımıza əziz olanların" sırasında Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Səməd Paşa Mehmandarov, Abuzər bəy və Şeyxzamanovla yanaşı Müseyb bəy Axıcanovun da adını çox böyük ehtiramla çəkmişdi. Məhəmməd Əmin Rəsulzadə Müseyib bəy Əxicanovu Azərbaycanın İstiqlal Şəhidi adlandırmışdır.