Ədiyə Topçu
Ədiyə Topçu (krımtat. Ediye Topçı, Эдие Топчы) ― Sovet Krım tatar artisti, müğənni, Özbəkistan SSR əməkdar artisti (1966), Krım tatarlarının "Xaytarma" Dövlət Mahnı və Rəqs Ansamblının solisti.
1919-cu il sentyabrın 22-də Baxçasaray şəhərində anadan olub.
Məktəb illərində bədii özfəaliyyət tədbirlərində iştirak edib. 1935-ci ildə 16 yaşında Krım Radio Komitəsində işləməyə başlamış, orada vokal ansamblının xorunda oxumuş, 1938-ci ildə isə ansamblın solisti olmuşdur.
1940-cı ildə Simferopol Musiqi Məktəbinin vokal şöbəsinə daxil olur, N. Çernovun sinfində oxuyur. 1941-ci ildə Krım MSSR Xalq Komissarları Soveti yanında İncəsənət İdarəsində işləməyə başlayır,
lakin müharibə onun Pyotr Çaykovski adına Moskva Konservatoriyasına daxil olmasına mane olur. Sovet qoşunları Krımı azad etdikdən sonra 1944-cü il mayın 18-də Özbəkistan SSR-ə, Bekabad şəhərinə deportasiya edilib. 1944–1946-cı illərdə burada Uzgosteatrın solisti kimi çalışıb. 1950–1951-ci illərdə xor qrupuna rəhbərlik etmişdir.