Məhəmməd Əmani
Məhəmməd Əmani (1536 – 1610) — XVI əsrin ikinci yarısı — XVII əsrin əvvəllərində yaşamış azərbaycanlı şair.
İngilis şərqşünası Ç.Riyo iddia edir ki, Əmani I Şah Təhmasib və I Şah Abbas dövründə yaşamış, türk əmiri olmuş, Səfəvi sarayına yaxın şair kimi tanınmışdır. M.Əmani Təbriz (1603-1604), Mərv (1599-1600), Bəlx (1602-1603) üzərinə hərbi yürüşlərin iştirakçısı kimi öz şeirlərinin bir qismini bu yürüşlərə həsr etmişdir. Həm Azərbaycan, həm də fars dilində poetik əsərlər yazmışdır.
Əmani yaradıcılığında qəzəl əsas yer tutmuşdur. Dövrün bir sıra sairləri klassik Şərq poeziyası ənənələrini davam etdirirdilər. Məhəmməd Əmani Məhəmməd Füzulinin ədəbi məktəbinin davamçılarındandır. Əmani lirikasının bir sıra xüsusiyyətləri Azərbaycan ədəbiyyatı tarixində ona qiymətli mövqe qazandırmışdır. Şairin bədii irsi onun yazıb-yaratdığı dövrdə Azərbaycanın ictimai-siyasi həyatını, ədəbi-mədəni mühitini öyrənmək üçün müəyyən imkanlar yaradır. İctimai həyata aktiv münasibət, dilin sadəliyi, ifadə tərzinin aydınlığı onun qəzəllərinin əsas səciyyəsini təşkil edir.