Əsgərağa Gorani
Əsgər ağa Gorani (əsl adı: Əsgər ağa Haqverdi ağa oğlu Gözəlov; 3 may 1857, Goran, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 9 mart 1910, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Azərbaycan yazıçısı, maarifçi, teatr xadimi və ictimai xadim.
Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov ilə yanaşı Azərbaycan milli teatrının yaranmasında xidmətləri olmuşdur. "Sərgüzəşti-vəziri-xani-Lənkəran"da Teymur ağa, "Sərgüzəşti-mərdi-xəsis"də Hacı Qara rollarını ilk dəfə səhnəmizdə ifa etmişdir.
Əsgər ağa Haqverdi bəy oğlu Adıgözəlov 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olmuşdur. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl medalla bitirib. Sonra Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfat Akademiyasına daxil olub. Akademiyanı bitirəndən sonra vətənə dönüb. Quberniya katibi, kollec asessoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yelizavetpol (Gəncə) quberniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, beş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yelizavetpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib.