Kənan Əvrən
Əhməd Kənan Əvrən (türk. Ahmet Kenan Evren; 17 iyul 1917, Külə[d], Manisa vilayəti – 9 may 2015[…], Ankara) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir. 1982-ci ildə qurulan Mehmetcik fondunun qurucularından biridir.
Maltəpə hərbi liseyini, Türkiyə Quru Qoşunları məktəbi və Hərbi Akademiyanı bitirib. Türk Silahlı Qüvvələrinin müxtəlif mərhələlərində xidmət etmişdir. Ordu Komandanlığı və Quru Qoşunları Komandanlığından sonra 7 mart 1978-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi oldu. Vəzifə müddəti ərzində 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi hərbi çevrilişlə Dövlət başçısı və Milli Təhlükəsizlik Şurasının prezidenti vəzifələrini də icra etdi. 1982-ci ildə, özü və digər Milli Təhlükəsizlik Şurası üzvü komandirlərinin hər birindən 1000 TL toplamaqla Mehmetcik vəqfini qurdu. 7 noyabr 1982-ci ildə referenduma təqdim edilərək,91.37 % səs çoxluğu ilə Türkiyə Cümhuriyyətinin yeddinci prezidenti olaraq vəzifəsinə başladı.