f. 1. Müəyyən qaydada qatlamaq. Köynəyi bükmək. Kağızı bükmək.
– O biri səkilərdə də usta bükən sayaq çoxluca paltarlar bükmüşdülər və üstlərinə də cürbəcürə papaqlar qoymuşdular. Çəmənzəminli.
// Örtmək.
Qadın sualımın bir müsahibə şəkli aldığını görüncə əlindəki kitabı bükdü. S.Hüseyn.
2. Sarımaq, bürümək. Şeyləri kağıza bükmək.
– Hədiyyə bir parça çörək götürüb, qəzetə bükdü… Mir Cəlal.
// Tütünü kağıza qoyub papiros düzəltmək.
…Şamil isə cibindən tütün qutusunu çıxarıb, yoğun bir papiros bükdü. M.Hüseyn.
3. Əymək.
Nikişin zabitin çiyinlərindən tutub, dala bükdü. M.İbrahimov.
Yay kimi bükərək ayaqlarını; Qəfildən sıçradın qaranlıqlara. R.Rza.
4. Qatlayıb tikmək, sırımaq. Dəsmalın qıraqlarını bükmək.
◊ Abrını ətəyinə bükmək – bax
abır.
Belini bükmək – bax
bel.
Boynunu bükmək – bax
boyun.
Büküb-bükmələmək – yıxmaq, basmaq, əzişdirmək.
Məşədi Əsgər o qədər zorlu idi ki, üç-dörd heylə hambalları büküb-bükmələyib əzişdirə bilərdi. S.M.Qənizadə.