Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid
"Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s saylı sərəncamına əsasən nəşr olunub.
== Nəşr tarixi ==
"Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s saylı sərəncamına əsasən nəşr olunub. Kitabın I-X cildləri 2011-ci ildə, XI-XIII cildləri 2015-ci ildə çap edilib.
== Mükafatlar ==
“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 2012-ci ilin aprel ayının 26-da Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının XXII təqdimetmə mərasimində Elm nominasiyası üzrə “Humay” Milli Mükafatı ilə təltif edilmişdir.
== İdeya və məzmunu ==
“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin ideyası gənc tədqiqatçı Ərtoğrol Cavid tərəfindən tədqiqata cəlb edilmiş, rəyləşdirilmiş və AMEA Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılan zəngin folklor xəzinəsinin təbliğindən ibarətdir. Kitabın əsas məzmununu xalqın içərisindən toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, muğam mətnləri, oyun havaları, toy və yas mərasimləri və s. folklor-etnoqrafiya materialları təşkil edir. Gənc tədqiqatçı Ərtoğrol Cavid öz araşdırmalarında folklor materialları toplayan digər tədqiqatçıların bir sıra hallarda mənbələrin poetik mətnində süni ədəbiləşdirmə aparmasını və ədəbi dil normalarını folklor mətninə tətbiq etməklə materialın forma və məzmununda təbiiliyin və səmimiliyin zəifləməsini, eləcə də kifayət qədər qrammatik savadı olmayan ekspeditorun öz regionunun dialekt xüsusiyyətlərini mətnə gətirməsini də sezmiş və imkan daxilində islah etməyə çalışmışdır. Bütün bunlar Ərtoğrol Cavidin həm də istedadlı bir bərpaçı-mətnşünas kimi öz qabiliyyətlərini büruzə verməsinə imkan yaratmışdır. Mətnşünaslıq fəaliyyəti ilə yanaşı, həm də bir ədəbiyyatşünas və dilçi kimi də istedad və bacarıqlarını nümayiş etdirən gənc alim, dastanların ideya-estetik, eləcə də tərbiyəvi xüsusiyyətlərini qiymətləndirməkdə də obyektiv araşdırıcı mövqeyindən geri durmamışdır.