Elbrus Axundov
== Həyatı ==
Elbrus Maarif oğlu Axundov 1962-ci il sentyabr ayının 21-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1979-cu ildə orta məktəbi əla qiymətlə bitirdikdən sonra, elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (İndiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "Memarlıq" fakültəsinə daxil olmuş və oranı 1984-cü ildə fərqlənmə ilə bitirmişdir. Tələbəlik illərində eyni zamanda "Tələbə Elmi Konstruktor" sektorunda müəllimləri ilə birlikdə (prof. R.Əbdülrəhmanov, prof.M.Nəcəfov, akademik D.Axundov, prof. N.Rzayev, konstruktor E.Zərgərli, A.Aslanov) memarlıq və konstruksiya üzrə əsaslı təcrübə toplamaqla bir neçə real layihə işinin (Saatlı rayon mərkəzində "Şərq bazarı", Astara rayonunda filoteriya, avtovağzal, uşaq oyun meydançası və yay kinoteatrının) müəlliflərindən olmuşdur.
Üniversiteti bitirdikdən sonra Latviya, Litva, Estoniya, Səmərqənd, Buxara, Urgənc, Nəvoi və respublikamızın bir sıra rayonlarında istehsalat təcrübələri keçdikdən sonra təyinatla Bakı Şəhər Soveti tabeliyində olan "Bərpaçı İnşaat və İstehsalat İdarəsi" tərkibində "Layihə" sektoruna göndərilmiş və iş fəaliyyətinə burada memar-mühəndis olaraq başlamışdır. 1990-cu ildə eyni qurumun Baş idarəsinin "Layihə" bürosuna keçirilmiş, 1990–1992-ci illər arasında burada 2-ci dərəcəli memar, 1-ci dərəcəli memar, inşaat müfəttişi və emalatxana müdiri vəzifələrində çalışmışdır. Bakı şəhərində bu illər ərzində 10 bərpa layihəsi, 125-dən artıq memarlıq layihələrinin müəliifi olmuşdur.
1992–1994-cü illər arası Elmi Tədqiqat Layihə İnsitutuna dəvət olunaraq burada aparıcı memar vəzifəsinə təyin edilmiş, daha sonra 1994–1995-ci illər arası "Azərb.Dizayn İnşaat və İstehsalat-Təsərrüfat" trestinin "Plan İstehsalat" şöbəsinin müdiri olmuşdur. 1993–1996-ci illərdə eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətində "Memarlıq və Tikinti" şöbəsində mütəxəssis və baş mühəndis vəzifələrində çalışmışdır.