Ayan Mirqasım
Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000).
== Həyatı ==
Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb.
"Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxalq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.