Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası, iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını
hazırlamaq üçün Parisdə yaradılmış işçi qrup (1919, oktyabr).
== Komissiyanın tərkibi ==
Komissiyanın tərkibinə Azərbaycan nümayəndələrindən
Mir Yaqub Mehdiyev və Ceyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi.
== Komissiyanın iclasları ==
Oktyabrın 29-da komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmiş,
Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun Azərbaycan Cümhuriyyəti
Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin
təqdim etdiyi saziş layihəsini qəbul etmişdi.
== Sazişin şərtləri ==
Saziş 4 maddədən ibarət idi:
Qafqaz Azərbaycanı Azərbaycan
nümayəndəliyinin Sülh konfransına təqdim etdiyi tələbnamə və xəritələrdə göstərilmiş sərhədlərdə, Rusiyada dövlət idarəsi
və quraluşunun hansı şəkildə və formada quralmasından asılı olmayaraq, qəti və birdəfəlik ondan (Rusiyadan) ayrılır;
Qafqaz Azərbaycanının göstərilən hüdudlarında 1918 ilin 28 mayından mövcud olan Azərbaycan Cümhuriyyəti, Bakı şəhəri
paytaxt olmaqla, Azərbaycan Hökuməti tərəfindən ümumi seçki hüququ əsasında çağırılan Azərbaycan Müəssislər
Məclisinin müəyyən etdiyi qanunlarla fəaliyyət göstərən seçilmiş prezident və parlamentli müstəqil, demokratik respublika
kimi tanınır;
Azərbaycan Xalq Cümhuriyyəti qonşu İran dövlətilə əsasları və formaları, eyni zamanda, həyata keçirilmə
üsulları İran və Azərbaycan Hökumətlərinin hər iki dövlətin parlamentlərinin bəyəndiyi qarşılıqlı razılığına əsasən
hazırlanan və müəyyən edilən siyasi-iqtisadi əlaqələr qurar. Bununla birgə xarici işlər sahəsində İran və Azərbaycan
Hökumətlərinin fəaliyyətinin birləşdirilməsi arzu olunur;
Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci bəndlər üzrə yuxarıda
göstərilən məqsədlərə çatmaq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması, onun bütövlüyü və müstəqilliyinə,
siyasi, iqtisadi, mədəni və hərbi qüvvələrinin inkişafına hər cür təhdiddən təhlükəsizliyinə nail olmaq üçün İrana göstərilən
şəkildə İngiltərənin həqiqi köməyinə ehtiyacı vardır.
== Nəticə ==
Məlumatda qeyd edilirdi ki, bütün bu dörd maddə bir-birilə bağlıdır və Azərbaycan nümayəndələrinin özü tərəfindən kimə lazımdırsa, elan edilməlidir. Digər bir qeydə görə, Azərbaycan nümayəndələri ingilis hökumətinin nümayəndələri
ilə görüşüb müvafiq izahat verməli idi. Azərbaycan — İran birgə komissiyasının Parisdəki fəaliyyəti az sonra bu
ölkələr arasında əməkdaşlığın və işgüzar münasibətlərin yaradılmasında uğurlu başlanğıc oldu. 1920 ilin mart-aprelində
Azərbaycan — İran konfransı keçirildi.