Əhməd Əfəndi Cələbi
Əhməd Əfəndi Çələbizadə (əsil adı: Əhməd Əfəndi Əbdülrəhim oğlu Çələbizadə) -(?, 1892 — ?,1937) — Quba Cümə məscidinin axundu, Azərbaycanda diyarşünaslıq muzey işinin ilk təşkilatçılardan biri, diyarşünas-tədqiqatçı, A. A. Bakıxanov adına Quba tarix-diyarşünaslıq muzeyinin yaradıcısı, Tiflisdəki Sunitski adına Cənubi Qafqaz ruhani məktəbinin məzunu.
== Həyatı ==
Əhməd Əfəndi Çələbizadə elm fədaisi, öz millətini sevən və ona bağlı olan görkəmli tədqiqatçı olmuşdur. Əhməd Əfəndi Çələbizadə ilə birlikdə repressiyaya məruz qalmış, gərgin əməyi sayəsində yazdığı, elm aləminə məlum olmayan Quba rayonunun adət və qaydaları haqqında əsərinin əlyazması Vətən tarixinin tədqiqində və təbliğində xüsusi əhəmiyyəti var. Əhməd Əfəndi Çələbizadənin Azərbaycan tarixinin təbliğində ilk xeyirxah addımı 1924-cü ildə Quba diyarşünaslıq muzeyinin yaradılması olmuşdur. Tarix-diyarşünaslıq muzeyini təşkil edən Əhməd Əfəndi Quba şəhəri tarixinin tədqiqində mühüm rol oynamışdır. O, bütün Quba qəzasında çox savadlı adam kimi tanınmış, diyarşünas və mədəni işin təşkilatçısı kimi ad çıxarmışdır. O, zəkalı, çox oxumuş adam, tarixin, Qərb və Şərq ədəbiyyatının və incəsənətinin gözəl bilicisi, bəlağətli natiq, nadir hafizəyə malik olan insan olmuşdur. Əhməd Əfəndi Çələbizadə 1892-ci ildə Qubanın tanınmış din xadimi, Cümə məscidinin imamı Əbdülrəhim Əfəndinin ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini atasının dərs dediyi mədrəsədə alan Əhməd Əfəndi ərəb və fars dillərini mükəmməl öyrənmişdir. 1912-ci ildə o, Tiflisdəki Sunitski adına Cənubi Qafqaz ruhani məktəbində oxumuş, tədris müəssisəsini bitirdikdən sonra 1913-cü ildə Qubaya gələrək Cümə məscidində atasının köməkçisi təyin olunmuşdu.