1. Soyuğun, şaxtanın təsirindən, şiddətindən buza çevrilmək, buz halına gəlmək. Su dondu.
// Buzla örtülmək. Çaylar donmuşdur. Göl donmuşdur. Pəncərələr donub.
2. Dondan, şaxtadan məhv olmaq, tələf olmaq, xarab olmaq, don vurmaq. Quşlar şaxtadan donmuşdur. Az qala donmuşdum. Ağaclarda qalan meyvələrin hamısı dondu.
// Bərk üşümək, bədəni soyuqdan keyləşmək. Sərnişinlər maşında soyuqdan donurdular. Barmaqlarım donur.
3. Maye halından bərk hala keçmək; qatılaşmaq. Ərimiş mum 25 dərəcə istidə donur. Yağ donmuşdur.
4. məc. Hər hansı bir hiss və ya təəssüratın təsiri ilə bir anlıq sərbəst hərəkət qabiliyyətini itirmək. Ayını görəndə qorxusundan dondu.
□ Donub qalmaq – 1) mat qalmaq, heyrət içində qalmaq, çox təəccüb etmək (bəzən “yerində”, “yerindəcə” sözləri ilə). Bu işə donub qaldım.
2) inkişaf etməmək, bir nöqtədə durub qalmaq, irəliləməmək, tərəqqi etməmək, hərəkətsiz qalmaq.