Əhməd Sami Elaydi
Əhməd Sami Elaydi (1979, Qahirə) (Ərəbcə: أحمد سامي العايدي) — Misir türkoloqu, ədəbiyyatşünas və tərcüməçi, Azərbaycanşünas alim, diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, filologiya üzrə elmlər doktoru, professor
Əhməd Sami Elaydi 6 aprel 1979-cu ildə Misir Ərəb Respublikasının Qahirə şəhərində anadan olmuşdur. 2006-cı ildə Qahirədəki Eyn əş Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirmişdir. Görkəmli Misir türkoloqu professor Safsafi Əhməd Qaturinin rəhbərliyi altında "Qaçaq Nəbi" dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişməsi" mövzusunda magistr dissertasiyası müdafiə etmişdir. Bir müddət təhsil aldığı universitetdə müəllim işləmişdir. Daha sonra Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının doktoranturasını bitirmişdir.
2010-cu ildə Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor Vaqif Sultanlının elmi rəhbərliyi ilə "Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və sənətkarlıq məsələləri (1991–2005)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəsiznin direktoru vəzifəsində çalışmışdır.
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.
Qahirədəki Eyn əş Şəms Universitetinin Türk dili və ədəbiyyatı bölümündə Azərbaycan dilinin tədrisi Əhməd Sami Elaydinin adı ilə bağlıdır. 2021-ci ildən həmin universitetdə professor vəzifəsində çalışır.