Elza Seyidcahan
Elza Seyidcahan (7 iyul 1968, Siyəzən) — Azərbaycan bəstəkarı; müğənni. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olmuş, 1977–1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1982–1987-ci illərdə S. Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994–2000-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır.
2001-ci ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H. Orucovun "Durnalar qayıdanda", İ. Əfəndiyev "Sən mənim dayımsan", Ə. Əylislinin "Bağdada putyovka var", Q. Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H. Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir.
2002-ci ildə Qırğızıstanda keçirilən "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutmuş, həmin ildə TÜRKSOY-un xüsusi mükafatını almışdır.
2002-ci ildə Moskvada keçirilən MDB dövlətlərarası musiqi festivalının iştirakçısı olmuşdur. 2002-ci ildə Dövlət Mahnı Teatrında caz solo konserti keçirilmişdir.