Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.
Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı.
"Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir.
Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur.