Arif Həşimov
Arif Məmməd oğlu Həşimov (28 sentyabr 1949, Şahbuz) — texnika elmlər doktoru, akademik, "Azərenerji" ASC-nin prezidentin müşaviri və LAYİHƏ-AXTARIŞ ENERGETİKA İnstitutunun direktoru, AMEA Fizika İnstitutunun "Yüksək gərginliklərin fizikası və texnikası" laboratoriyasının rəhbəridir. Əməkdar Elm Xadimi (2005), AMEA-nın həqiqi üzvü (2007) AMEA Fizika İnstitutunun baş direktoru (22.01.2021). 19 fevral 2022 etibarən AMEA-nın prezident vəzifəsinin icraçisi.
== Həyatı ==
Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərindən müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun "Elektrofizika" laboratoriyasında işləməyə başlamışdır. Hazırda laboratoriya "Yüksək gərginliklərin fizikası və texnikası" adlanır və A.M.Həşimov onun rəhbəridir. O, 1980-ci ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafıə etmişdir. Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilmişdir. O, 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilmiş və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra etmişdir.