Hafis Qasımov (leytenant)
Hafis Cavanşir oğlu Qasımov (18 iyul 1998; Culfa rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Hafis Qasımov 1998-ci il iyulun 18-də Culfa rayonunun Camaldın kəndində anadan olub. 2004-2012-ci illərdə Camaldın kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
== Hərbi xidməti ==
Hafis Qasımov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Hafis Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hafis Qasımov oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Culfa rayon Camaldın kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.