Kolvari jasmin
Kolvari jasmin (lat. Jasminum fruticans) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Qərbi Avropanın cənubunda, Türkiyə, Suriya, Livan, İsrail, İordaniya, İran, Kapet dağ, Krım, Azərbaycan, Gürcüstan, Dağıstanda və Qafqazda-Qara dəniz sahillərində rast gəlinir.
== Botaniki təsviri ==
Qışda həmişəyaşıl, soyuq rayonlarda isə yarpağıtökülən koldur. Hündürlüyü 1 m-dək, zoğları künclü, yaşıldır. Yarpaqları üç hissəli, cüt olmayan, lələkvari; yarpaq yerləşməsi spiral, xırda yarpaqları ensiz-ellipsvari, ucu küt və kənarları tükcüklü; ayaları çılpaq, parlaq, üstü tünd yaşıl, alt tərəfi daha açıqdır. Çiçəkləri ikicinsli, parlaq, sarı, yan budaqların uclarında 2-5 ədəd yarımçətirlərə yığılmış, çiçək tacı ensiz, uzun borucuqlu, kasaşəkilli, borucuğu 2 dəfə qısa, zəngşəkilli kasacıqdan böyük; erkəkcikləri 2, yumurtalığı yuxarıdır. May-iyulda çiçəkləyir. Meyvələri-şarşəkilli, parlaq, qara giləmeyvədir; avqust-sentyabrda yetişir.
== Ekologiyası ==
Mezotermdir, -20-25 c-dək şaxtalara dözür.