Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.
== Toponimikası ==
Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir.
== Tarix ==
Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.