□ Müşayiət etmək – 1) ötürmək, yola salmaq.
[Mehriban] keçən gün [Səlimin] tövsiyələrini diqqətlə dinləmiş, onu vağzaladək müşayiət belə etmişdi. ;
2) bir yerə qədər yanınca getmək, bərabər getmək. Nümayəndələri müşayiət etmək.
– Fabrik müdiri də bizi müşayiət edirdi. ;
3) qorumaq, yaxud da yol göstərmək, bələdçilik etmək üçün yanınca getmək. Generalı müşayiət etmək.
– Vəliəhd döyüş səhnəsinə daxil olan kimi onu müşayiət edən iki yüz Gəncə atlıları geri çəkildilər.
…müşayiəti ilə – 1) bərabər, bir yerdə, yanınca gedərək.
Qətibə gözəl kənizlər və cariyələrin müşayiəti ilə daxil olub, böyük salonun ortasında dayandı.
Teymur şahidlərin müşayiəti ilə mağazanı gəzməyə başladı. ;
2) mus. oxuyan və ya solo çalanla birgə çıxış edib öz çalğısını onların oxumasına və ya çalmasına uyğunlaşdıraraq.
Nəhayət, Cimi tarın müşayiəti ilə oxumağa başladı.
Bir salonda tar-kamança müşayiəti ilə oxunan xoş bir el mahnısının səsi gəlir.