Mifologiya
Mifologiya və ya Əsatir— dünya haqqında ibtidai icma cəmiyyəti insanına məxsus fantastik təsəvvür və mifləri öyrənən elm.
İbtidai icma dövründə insanın özünə yaxın və doğma olan icma-tayfa münasibətlərini onu əhatə edən bütün əşya və hadisələr haqqında idi. Torpaq, səma, bitki və heyvanlar aləmi universal tayfa icması şəklində təsəvvür olunur və bu icmada bütün əşyalar təkcə canlılar kimi yox, həm də şüurlu və mütləq bir biri ilə qohum olan məxluqlar kimi anlaşılırdı. Bu təsəvvürlər mifologiyada ümumiləşirdi. Buna görə də Allah-sənətkar, allah-maldar, allah-döyüşçü, allah-əkinçi və s. mifoloji obrazlar yaranırdı. Mifologiyanın ilkin formaları fetişizm, totemizm, inkişafının daha yüksək pilləsi isə animizm idi. Yunan dilində mythos, almanlarda mythe, ingilislərdə myth, fransızlarda mythe, ruslarda və azərbaycanlılarda mif şəklində işlənən sözün hərfi mənası rəvayət, əhvalat deməkdir. Mif termini beynəlxalq aləmdə əsasən iki anlamda işlənir: birinci, mif - sözlərlə yaranan təsviri mətndir, təhkiyə hadisəsidir (sintaqmatik aspektdir); ikinci, mif - düşüncə hadisəsidir (mənaların paradiqmasıdır), dünya haqqında təsəvvürlər sistemi - gerçəkliyi dolayı şəkildə əks etdirən dünya modeli, onun ayrı-ayrı elementləri və vahidləridir. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır.