Nərgiz Axundova
Axundova Nərgiz Çingiz qızı (1959, Bakı) — AMEA-nın həqiqi üzvü (2017), AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi , tarix üzrə elmlər doktoru, professor.
== Həyatı ==
Axundova Nərgiz Çingiz qızı 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin «ərəb dili» şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin ixtisasartırma fakültəsində ərəb dili müəllimi, 1983-1986-cı illərdə tarix fakültəsində əyani aspirant, 1986-2012-ci illərdə BDU-nun «Asiya və Afrika ölkələri tarixi» kafedrasında baş laborant, müəllim, dosent, professor vəzifəsində çalışıb. 2012-ci ilin oktyabr ayından AMEA A.M.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. N.Ç.Axundova Tarix institutunda işlədiyi müddətdə həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətində özünü yüksək ixtisaslı və bacarıqlı bir mütəxəssis kimi göstərmişdir. Üç doktorant, iki dissertantın elmi rəhbəridir. İxtisaslaşmış Elmi Şuranın üzvüdür.
1987-ci ildə «Suriya Ərəb Respublikasının ictimai-siyasi həyatında islamın rolu (1963-1981-ci illər)» adlı tarix üzrə fəlsəfə doktoru dissertasiyasını (SSRİ Nazirlər Kabineti yanında AAK-ın 23 mart 1988-ci il tarixli qərarı ilə, diplom ИT № 012482) və 2007-ci ildə «Abbasilər Xilafətinin hərbi-siyasi strukturunda türklərin rolu» adlı tarix üzrə doktoru dissertasiyasını (AAK-ın 25 yanvar 2008-ci il tarixli iclas protokolu №03-R, diplom ED № 01006) müdafiə etmişdir.
N.Ç.Axundova 3 monoqrafiyanın, 3 dərsliyin, 2 dərs vəsaitinin, 11 tədris proqramının, 79 məqalənin müəllifidir, respublika və beynəlxalq elmi konfransların iştirakçısıdır.