Ömər Faiq Nemanzadə
Ömər Faiq Lömən oğlu Nemanzadə (24 dekabr 1872, Azğur, Axalsıx qəzası, Tiflis quberniyası – 10 oktyabr 1937, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Azərbaycan ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi, Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü və Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri. Axısqa türkü.
== Həyatı ==
Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: "Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm" deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş-şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra sultan istibdadına qarşı gizli çalışan cavanlara qoşulmuşdur.
== Fəaliyyəti ==
1894-cü ildə, Axısqada milli münasibətlərin kəskinləşməsi dövründə vətənə qayıtmışdır.