Niyaməddin Musayev
Niyaməddin Cabbar oğlu Musayev (1 iyun 1940, İmişli rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998).
Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyun ayının 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından peşəkar səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə. Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur.
1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə "Dünya sənin, dünya mənim", 1998-ci ildə "Vətən həsrəti" adlı albomları və bir diski buraxılmışdır. O, 1974-cü ildə "Şahnaz təsnifi" ifası ilə sənət aləmində daha çox tanınmışdır.