Mir Möhsün Nəvvab Qarabaği
Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) (1833, Şuşa – 1918, Şuşa) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim. XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur.
== Həyatı ==
İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib.