Qutadqu-bilik
Qutadqu-bilik və ya Qutadğu bilig — Yusif Xas Hacib Balasaqunlunun əsəri.
Bu kitab 1069-cu ildə Yusif Uluq Xas Hacib tərəfindən yazılmışdır. O, Balasaqun əhli olub, əsərini Qaşqarda bitirmişdir, yazıb Qaraxani sultanı Satıq Buğra xana təqdim etmişdir. Müəllif öz zamanının ən parlaq ədəbi dilini yazıya almışdır və bu kitaba görə Xas Hacib rütbəsinə layiq görülmüşdür.
Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır.
Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan "Şahnamə"yə bənzədiyi üçün iranlılar onu "türk Şahnaməsi" də adlandırmışlar.
Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsir altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir.