Rəfiqə Axundova
Rəfiqə Hacı qızı Axundova (7 avqust 1931, Bakı – 6 fevral 2024, Bakı) — Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970).
Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir. Böyük Teatrda təkmilləşmə kursu keçmişdir (1951–52, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur (1951–71). 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q. Qarayev), Gülşən ("Gülşən", S. Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə. Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov), Zarema ("Baxçasaray fontanı", B. Asafyev), Jizel ("Jizel", A. Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T. Bakıxanov), "Qobustan kölgələri" (1969, F. Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R. Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q. Qarayev), "Babək" (1986, A. Əlizadə), "Şelkunçik" (1988, P. Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə "Üç inqilab" (1973, R. Hacıyev; M. Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N. Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F. Qarayev) baletlərini (hər ikisi M. Məmmədovla birgə) tamaşaya qoymuşdur.