Special Force (videooyun, 2003)
Special Force (azərb. Xüsusi qüvvələr) — Livan silahlı qruplaşması olan "Hizbullah" Mərkəzi İnternet Bürosu tərəfindən 2003-cü ildə istehsal olunan birinci şəxs atıcı. Videoyun "Hizbullah" və İsrail arasında baş tutmuş Cənubi Livan münaqişəsindən döyüşləri canlandırır, oyunçu İsrail əsgərlərini məğlub etmək vəzifəsi daşıyan "Hizbullah" döyüşçüsü rolunu oynayır. "Hizbullah" bu oyunu yaratmaq ideyasını 2000-ci ildə münaqişə sona çatdıqdan çox keçməmiş formalaşdırmış, iki ildən artıq müddətdə "Hadeel" şirkəti ilə birlikdə istehsal etmişdir.
"Special Force" 2003-cü ilin fevralında bir neçə ərəb ölkəsində buraxılmış və sentyabr ayına qədər 18,000 kopyası satılmışdır. Təbliğat və hərbi xidmətə cəlb etmə vasitəsi kimi qiymətləndirilən videooyun yəhudi təşkilatları və İsrail rəsmiləri tərəfindən pislənmişdir. Bu, "America's Army" kimi videooyunların rolları dəyişdirilmiş forması qeyd edilmiş, köhnəlmiş texnologiyası ilə diqqət çəkmişdir. 2006-cı ildə eyni tərəflər arasında baş vermiş Livan müharibəsinə əsaslanan "Special Force 2: Tale of the Truthful Pledge" sikveli 2007-ci ilin avqustunda buraxılmış, məhdud dərəcədə uğur əldə etmişdir.
"Special Force" hadisələrin İsrail və "Hizbullah" arasında baş tutmuş Cənubi Livan münaqişəsində cərəyan etdiyi birinci şəxs atıcıdır. "Hizbullah" bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Livan silahlı qruplaşmasıdır.