Söhrab Sepehri
Söhrab Sipehri (7 oktyabr 1928, Kaşan, İsfahan ostanı – 21 aprel 1980, Tehran) — görkəmli müasir İranlı şair və rəssam idi. İsfahan ostanında yerləşən Kaşan şəhərində doğuldu. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" axınının beş məşhur şairlərindən biridir.
== Həyatı ==
Söhrab Sipehri 7 oktyabr 1928-ci ildə İranın indiki İsfahan ostanına (əyalətinə) aid Kaşan şəhərində anadan olub. Atası poçt və teleqraf idarəsində işləsə də, sənətə bağlı adam idi: sonralar şairin özünün də yazdığı kimi, tar düzəldər və çalardı, gözəl xəttat idi, şeir vurğunuydu. Bu da Söhrabın sənətə meyllənməsində izsiz ötüşməmişdir, baxmayaraq ki, şair atasını erkən itirmiş və anasının himayəsində böyümüşdür. Söhrabın xarakteri də bir növ bədii yaradıcılıqla məşğul olmasına şərait yaradırdı. Onu yaxından tanıyan həmyerlisi, şair və maarif xadimi Müşfiq Kaşaninin yazdığına görə, Söhrab son dərəcə ədəbli, utancaq, təkliyi sevən bir insan idi, ictimai yerlərdən qaçar, gözlərini mavi səmaya, axar suya zilləyib özünə dalmağı üstün tutardı. Bununla yanaşı, hədsiz dərəcədə zəhmətkeş və çalışqan idi, işləməkdən, oxuyub-öyrənməkdən yorulmazdı. Bacısı Pəridoxt Sipehrinin xatirələrindən bəlli olur ki, artıq on dörd yaşınadək Söhrab fars ədəbiyyatı ilə yanaşı, Lamartin, Höte, Zolya, Şatobriyan və Hüqo kimi Qərb müəlliflərinin əsərlərini mütaliə edibmiş.