Süruri
Süruri və ya Süruriyi-Şərqi, Süruriyi-Əcəm (XV əsr, Ağqoyunlu dövləti – 1520) — XV əsrin sonu və XVI əsrin əvəllərində yaşamış Azərbaycan şairi. Nəsiminin ardıcılı olan Süruri hürufiliyi təbliğ edən bir çox şeirin müəllifidir.
Süruri XV əsrin sonunda Ağqoyunlular dövlətinin ərazisində dünyaya gəlib. Əsasən Təbrizdə fəaliyyət göstərən o, 1515-ci ildə şəhər Osmanlılar tərəfindən işğal edildikdən sonra digər yazıçı və alimlər kimi Osmanlı İmperiyasına aparılıb. Ömrünün son günlərinə qədər burada yaşayıb, 1520-ci ildə dünyasını dəyişib.
Əsasən Azərbaycan türkcəsində yazıb-yaradan Süruri Nəsimi ədəbi məktəbinin davamçısı olub. Hürufiliyi təbliğ edən şair Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra daha rahat fəaliyyət göstərib.
Sürurinin 192 səhifəlik əlyazma divanı Fərid Ələkbərli tərəfindən 2013-cü ildə Vatikanın Apostol Kitabxanasında aşkarlanaraq Azərbaycana gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib.
Yaşadığı dövrdə "Süruri" təxəllüsündan istifadə edən bir neçə şair olduğuna görə onu fərqləndirmək üçün "Süruriyi-Şərqi", "Süruriyi-Əcəm" adlandırıblar. Vatikanın Apostol Kitabxanasında və Peterburq Universitetinin məcmuəsində şair "Süruriyi-Əcəm" kimi qeyd olunub.