Hacı Səfəralı hamamı
Hacı Səfəralı hamamı — Novxanı kəndində yerləşən Hacı Səfəralı hamamının tikintisi 1907-ci ildə başa çatıb. Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında bir çox mane yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları ciddi şəkildə qorunub saxlanılıb. Hamamın içini planlaşdırmaq xüsusilə çətinlik yaradıb. Bununla belə, vacib tələb olunan qaydalara uyğun, ənənəyə sadiq layihələşdirilib və tikilib. Burada geniş giriş zalı və tualet, əhalinin sayına uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edir. Kvadrat şəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə əlaqəli idi. Suqızdırma otağı başqa hamamlardakindan fərqli olaraq genişliyi ilə seçilir. Hamamı su ilə təchiz edən quyu da burada yerləşdirilib.