SƏHRA Bəyaz çöllər bitib tükəndi, yaşıl düzəngahlar bitib tükəndi, sarı bir səhra başlandı (Anar); BƏRR-BİYABAN (köhn.) [Cahangir bəy:] Səadət, tək səndən ötrü xanimanımda! əl çəkib, bərr-biyabana düşmüşəm (N.Vəzirov); BİYABAN (köhn.) Susuz bir biyabanda yol itirmiş kimi onun əlacı hər bir yerdən üzülmüşdü (Çəmənzəminli); ÇÖL Sağ çöl, sol çöl, arxa çöl, baxırsan, hər tərəf çöl; Ucsuz-bucaqsız çöllər qandan yaranma bir göl (S.Rüstəm); DƏŞT (köhn.) Naləmdə oldu kül bucahan içrə kuhü dəşt; Ey dil, neçin o türreyi-dildar yanmadı (A.Şaiq); QIR (köhn.) Ucsuz-bucaqsız qırlarda, yaşıl yamaclı yaylaqlarda yaşamış, bir çox müxtəlif tarixi və ictimai inqilab və keşməkeşlərə şahid olan xalqın bədii yaradıcılığı da özü kimi... geniş və zəngindir (A.Şaiq); VADİ (kl.əd.) Səhralara tutdu seyl tək üz; Vadilərə açdı çeşmə tək göz (Füzuli); YAZI (qəd.) Bu zəfılə Qövsi məni yazılara salmaz; Gər mur dilin bilsə Süleymani-zəmanım (Qövsi).