Adi toppuztikan
Adi toppuztikan (lat. Echinops ritro) - toppuztikan cinsinə aid bitki növü.Echinops ritro L.- ( = E. ruthenicus Bieb.) – Adi toppuztikan (Toppuztikan, qara südotu)
== Botaniki xarakteristikası ==
Toppuztikan kökümsovulu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Gövdəsinin yuxarı hissəsi budaqlanan, ağımtıl- hörümçək toruna bənzəyən naxışlıdır. Yarpaqları növbəli, yuxarı hissəsi yaşıl, enli-neştərşəkilli, dərin lələkvari-bölümlü, uzunluğu 25 sm, eni isə 6 sm-ə qədər kənarları tikanlı və tikanlı-dişcikli, aşağı yarpaqları saplaqlı olub, əsası oturaqdır. Şarabənzər başcıqlı növünün yarpaqları hər tərəfdən kələ-kötür, nahamar, metalabənzər tükcüklü olub, yapışqanlıdır. Təkçiçəkli səbətciyi sıx, şarabənzər başcıqlı, 4-6 sm diametrində olub, gövdənin və budaqcıqların təpəsində yerləşir. Səbətciyi çoxcərgəli, üç formalı yarpaqcıqlı: xarici yarpaqcıqları qılaoxşar, ölçüsü daxildəkindən bir neçə dəfə qısa, orta yarpaqcıqları yarpağabənzər, demək olar ki, xarici yarpaqcıqlarla bərabər, daxili yarpaqcıqları isə neştərvari, tacın uzun borucuğuna bərabər olur. Adi toppuztikanın daxili yarpaqcıqları göyümtül, şarabənzər başcıqlı digər yarpaqları isə açıq-mavidir. Bütün çiçəkləri boruşəkilli, kasacığı kəkilli adi toppuztikanın tacı isə göyümtül, şarabənzər başcıqlı növündə isə ağdır. Meyvələri tükcüklü, silindrik toxumlu olub, 7-9 mm, eni isə 2 mm olmaqla, kasavari kəkildən ibarətdir.