Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk (21 oktyabr 1932, Pirəbbə, Salyan rayonu – 22 iyun 1994, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M. F. Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992). Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub.
Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatı tarixinə azadlıq carçısı kimi daxil olub. Azərbaycanın sevimli şairinə çevrilən Xəlil Rza Ulutürk hələ məktəb illərindən öz çalışqanlığı, fərasəti va davranışı ilə müəllimlərin, valideynlərin rəğbətini qazanmışdı. Şair orta məktəbdə oxuduğu illərdə ədəbiyyata sonsuz həvəs göstərib, bütün əsərlərində xalqı düşmənlərə qarşı mübarizəyə səsləmişdir. Yaradıcılığı boyu əsərlərində Vətən məhəbbəti, torpaq sevgisi, sülh, əmin-amanlıq, azadlıq kimi dəyərlər tərənnüm olunmuşdur. Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşıyan va çarpışan Xəlil Rza Ulutürkün bütün zəncirləri yox etmək, zülmün qarşısına sədd çəkmək istəyi onu azadlıq şairinə çevirdi. Xəlil Rza Ulutürk ədəbiyyatımızın inkişafına böyük töhfələr verən sənətkarlardandır.
== Həyatı ==
Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda anadan olmuşdur. 2 saylı şəhər orta məktəbində təhsil almışdır.