Davıdbəy qəsəbəsi (Quşçulu kəndi) — Qafan rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşmiş kənd; əvvəlki adı Quşçulu kəndi.[1]
Davıdbəy qəsəbəsi | |
---|---|
Qafan rayon mərkəzindən 12 km şimal-şərqdə Oxçu çayının sağ sahilində yerləşmişdir. Meşə və dağlarla əhatə olunmuşdur. Saf suyu, təmiz havası, gözəl təbiəti vardır. Kəndin adının mənası qədim türk mənşəli quşçu tayfasının adı ilə bağlıdır. Kənddə 1831-ci ildə 38 nəfər, 1873-cü ildə 149 nəfər, 1886-cı ildə 221 nəfər əhali yaşamışdır. 1918-ci ildə kənd ermənilər tərəfindən dağıdılmış, əhalisi Ordubada qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi kəndə qayıtmış, təsərrüfatı bərpa etmiş, 30-cu illərdə kənddə kolxoz qurulmuş və ibtidai məktəb açılmışdır. 1949-cu ildə kənd ləğv olunmuş, əhalisi isə Davıdbəy qəsəbəsinə köçürülmüşdür. Böyük Vətən Müharibəsində Quşçulu kəndindən 20 adam iştirak etmiş, onlardan 13-ü geriyə qayıtmamışdır. 1955-ci ildə kolxoz ləğv edilmiş, təsərrüfatı "Lernadzor" erməni sovxozuna verilmişdir.
Quşçulu kəndində bir sıra toponimlər vardır ki, həmin adlar bu yerlərin qədim mübarizə meydanı olduğunu göstərən tarixi dəlillərdir: Bəzz qalası, Qanlı zəmi, Cavidan qalası, Kilid darvazası, Gəzbel dağı və s.
1988-ci ildə Zəngəzurun digər kəndləri kimi Davıdbəy qəsəbəsi də (Quşçulu) ermənilərin dövlət siyasəti səviyyəsinə qaldırılmış deportasiya aktının qurbanı olmuş, kənddə yaşayan 450 nəfər azərbaycanlı öz ata-baba yurdlarından qovulmuşlar. Azərbaycanın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Quşçulu kəndində doğulmuş İsmayılov Tahir İsa oğlu şəhidlik zirvəsinə yüksəlmişdir.[1]