Mülk — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 16–18 km şimal-qərbdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.[1] Kəndin adı Stepan Zelinskinin siyahısında "Mülkəçap" kimi qeydə edilmişdir.[2]
Toponim ərəb dilində "mülkiyyət, mal-mülk, malikanə", "torpaq sahəsi, malikanə, daşınmaz əmlak" mənasında işlənən "mülk" sözü əsasında əmələ gəlmişdir.[1][2]
Kənddə 1914-cü ildə 90 nəfər yalnız azərbaycanlı yaşamışdır.[3] 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər.[1] Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 48 nəfər, 1931-ci ildə 78 nəfər yalnız azərbaycanlı yaşamışdır.[3] Kollektivləşmə ilə bağlı XX əsrin 30-cu illərin axırlarında kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.[1]