Rafiq Hüseynzadə (şair)
Rafiq Məhəmməd oğlu Hüseynzadə ( ) — Azərbaycanlı şair, həkim-onkoloq. Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist, SSRİ Jurnalistlər Birliyinin üzvü Tofiq Hüseynzadənin qardaşı, Avropa Uroloqlar Assosasiyasının üzvü, uroloq, tibb elmləri doktoru Rafiq Hüseynzadənin əmisidir. Rafiq Hüseynzadə Səfəvilərin dövlət xadimi, mütəfəkkir, sufi şeyxi, övliya, sufi şair, pir, "Ocaq" sahibi, böyük elm və din xadimi Miskin Abdalın (1430–1535) oğlu Şadmanın nəslindəndir.
== Həyatı ==
Rafiq Məhəmməd oğlu Hüseynzadə 1 iyun 1948-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndində doğulmuşdur.
=== Təhsili ===
Rafiq Hüseynzadə kiçik yaşdan elmə böyük həvəsi olmuş, 1955–1965-ci illərdə Sarıyaqub kənd orta məktəbində təhsil alaraq, oranı əla qiymətlərlə bitirib, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuş, 1965–1971-ci illərdə orada ali təhsil almışdır. O, elmdə qazandığı nailiyyətlərlə yanaşı, ictimai fəallığı ilə digər tələbə yoldaşlarından həmişə öndə olmuş, 6 il ali təhsil aldığı müddətdə qrup nümayəndəsi olmuş, 1971-ci ildə İnstitutu onkoloq-cərrah ixtisası ilə, əla qiymətlərlə başa vurmuşdur. 02.08.1971-ci il tarixdən Qazax rayon xəstəxanasında onkoloq–həkim kimi fəaliyyətə başlamışdır.
== Fəaliyyəti ==
1967-ci ildən şeir yaradıcılığına başlamış, qısa müddətdə şeirləri ilə tələbə yoldaşları və İnstitut kollektivi, böyük oxucu kütləsi arasında şöhrət qazanmışdır. İnstitutda təşkil olunmuş "Çeşmə" ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən olmuş, şeirləri müsabiqələrdə birincilik qazanmış, Tibb İnstitutunun "Tibb kadrları uğrunda" qəzetində çoxsaylı şeirləri dərc edilmişdir. Rafiq Hüseynzadə şeirlərini "Rafiq Hüseynov", "Rafiq Məmmədoğlu", "Məmmədoğlu Rafiq", yaxud da qısaca "R. Hüseynov", "M. Rafiq" imzaları ilə qələmə almış, həmin adlarla da qəzetlərdə nəşr olunmuşdur.