ŞİFAHİ
ŞİKAR
OBASTAN VİKİ
Şikar Aslanov
Aslanov Şikar Davud oğlu (10 iyul 1970, Cəbrayıl rayonu – 2 iyul 1992, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir. 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur. Subay idi. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.
Şikar Qasımov
Şikar Qasımov (9 fevral 1958, Cicimli, Laçın rayonu) — Azərbaycanın tarixçi alimi, Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru (2008), professor. Şikar Qasımov 1958-ci il fevralın 9-da Laçın rayonunun Cicimli kəndində anadan olub. 1974-cü ildə Cicimli kənd səkkiz illik məktəbini bitirmiş, sonra isə Güləbird kənd orta məktəbində təhsilini davam etdirmiş 1976-cı ildə oranı bitirmişdir. 1981-ci ildə Stepanakert Pedaqoji İnstitunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981–1985-ci illərdə təyinatla Laçın aryonunda tarix müəllimi, 1985–1987-ci illərdə Abşeron rayon mədəniyyət şöbəsində tarixi abidələrin mühavizəsi və diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində işləmişdir. 1987-ci ildən Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Sov. İKP tarix kafedrasında (indiki Azərbaycan Texniki Universitet) işləyir. Kafedrada laborantlıqdan, baş laborant, müəllim, dosent və kafedra müdiri vəzifəsinədək yüksəlmişdir. 1990-cı ildə AE Tarix institutunda "Azərbayacan fəhlə sinfinin beynəlmiləlçik və vətənpərvərlik tərbiyyəsində müttəfiq Sovet respublikaları ilə əməkdaşlığın rolu 1928–1937-ci illər" mövzusunda namizədlik disertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildə AzTU-nun tarix kafedrasında müəllimlik vəzifəsindən kafedranın dosenti vəzifəsinə seçilmişdir.
Şikar Şikarov
Şikar Şikarov (tam adı: Şikarov Şikar Şükür oğlu; 3 dekabr 1953, Bakı – 13 iyun 1992, Ağdərə, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini (1992). 1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinin Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk diyarındakı hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır. 1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir. Ailəli idi. İki övladı var. 1990-cı il 20 yanvar hadisələrindən sonra Azərbaycana qayıtmışdır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir.
Şikar Bədəlov
Şikar Bədəlov (5 fevral 1986, Şamaxı)— Azərbaycanlı kikboksçu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, "Kings of Kings" dünya kəmərinin sahibi. Bədəlov Şikar Maqsud oğlu 1986-cı fevralın 5-də Şamaxı şəhərində anadan olub. 1993-2003-cü illərdə Şamaxı şəhərində yerləşən 5 nömrəli orta məktəbdə təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. 2017-ci ildə Almaniyanın Herni şəhərində kikboksinqin K1 versiyası üzrə "Fight Vision Europe" yarışında iştirak edib. 13 ölkədən 26 idmançının iştirak etdiyi yarışda alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək qalib olub. 2018-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır. 2018-ci il iyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle”-a qatılıb. 2021-ci ildə Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb.
Daşqın Şikarov
Daşqın Məzi oğlu Şikarov (29 yanvar 1973, Şamaxı) — Azərbaycan Respublikasının dövlət xadimi və diplomatı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri. 2010–2011-ci illərdə Azərbaycan Respublikasının Pakistanda müvəqqəti işlər vəkili, 2011–2015-ci illərdə Azərbaycan Respublikasının Pakistanda Fövqəladə və Səlahiyyətli Səfiri, 2012–2015-ci illərdə isə Əfqanıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrini icra etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir. Bir çox elmi-publisistik məqalələrin və əsərlərin müəllifidir. == Həyatı == Daşqın Şikarov 29 yanvar 1973-cü ildə Azərbaycan SSR-in Şamaxı şəhərində dünyaya gəlmişdir. Uşaqlığı və gəncliyi Bakı şəhərində keçmişdir. === Təhsili === 1990-cı ildə Bakı şəhəri S.C. Pişəvəri adına 4 saylı fars təmayüllü orta məktəbini başa vurub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1996-cı ildə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik kursunu başa vurub. 1998-ci ildə İslamabadda, Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş Diplomatik kursu bitirib.
Nəcəf Şikarov
Nəcəf Şikar oğlu Şikarov (24 yanvar 1985; Şamaxı, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Nəcəf Şikarov 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. 1992–1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam tam orta məktəbində, 1999–2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002–2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vilhelm Şikard
Vilhelm Şikard (22 aprel 1592[…], Herrenberq – 24 oktyabr 1635, Tübingen[d]) — kalkulyatoru icad etmiş yəhudi əsilli alman alimi, astronom, riyaziyyatçı və şərqşünas. Almaniyanın Tübingen Universitetində Şərq dilləri kafedrasının professoru. Vilhelm Şikard - 22 aprel 1592-ci ildə alman alimi, astronom, riyaziyyatçı və şərqşünas, mexaniki kalkulyatorun ixtiraçısı, Almaniyanın Tyübingen universitetinin “Şərq dilləri” kafedrasının professoru Vilhelm Şikkard (Wilhelm Schickard) anadan olmuşdur. O, Blez Paskalın (Blaise Pascal) cəmləyici maşını yaratmasından 20 il əvvəl – 1623-cü ildə ədədlər üzərində hesab əməlləri yerinə yetirən qurğunu icad etmişdir, lakin yanğın nəticəsində bu qurğu sıradan çıxmışdır. Ona görə də Paskal Şikkarddan daha çox şöhrət qazanmışdır. XX əsrin ikinci yarısında İohann Keplerin həyatını tədqiq edən Frans Hammer Şikardın 1623 və 1624-cü illərdə Keplerə yazdığı məktublarda kalkulyatorun iş prinsipini izah etdiyini müəyyən etmiş və bununla da onun Blez Paskaldan 20 il əvvəl kalkulyatoru ixtira etdiyini bəyan etmişdir. Sonrakı dəqiq araşdırmalar və hesablamalar göstərdi ki, Şikardın kalkulyatoru tamamlanmamışdı və əlavə dişli çarxlara və yaylara ehtiyacı var idi. Blez Paskal 300 il ərzində kalkulyatorun yaradıcısı hesab edildiyindən, Vilhelm Şikard çox tanınmır. Tübingen Universitetində təhsil almış, daha sonra bu universitetin akademiki olmuşdur. Özünün Keplerə yazdığı məktubda qeyd etdiyinə görə, 1623-cü ildə ixtira etdiyi kalkulyator 6 xanaya qədər olan ədədləri toplayıb-çıxa bilirdi.
Şikari dastanı
Şikari dastanı – qəhrəmanlıq mövzusunda olan bu dastan islamiyyətin yayılması motivi əsasında yaranmışdır. Dastan keçən əsrin 60–70-ci illərindən etibarən Təbriz aşıqları tərəfindən sürəkli repertuarlara salınmış, ancaq dastanın həcmi böyük olduğundan yalnız müəyyən qolları məclislərdə aşıqlar tərəfindən söylənilmişdir. Dastanın tam variantda ifa edilməməsi nəticədə müxtəlif mətnlər arasında əlaqəsizliyə gətirib çıxarmış, daha sonrakı mərhələdə tam mətninin toplanılmasında müəyyən çətinliklər yaratmışdır. Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənən "Şikari" dastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanmışdır. "Şikari" dastanı ənənəvi qəhrəmanlıq dastanlarına uyğun çoxşaxəli qollar üzərində qurulmuşdur. Dastanın məzmunu şah Daranın oğlu Şikarinin İslam dinini yaymaq uğrunda mübarizəsi ilə bağlı olaraq müxtəlif ölkələrə səyahətini, eyni zamanda ailə-məişət məslələrinin də yer aldığı hadisələri əhatə edir. "Şikari"də hadisələrin inkişaf nöqtəsi bir çox dastan və nağıllarda motivləşən iki qardaşın rəqabətindən başlanır. Belə ki, Rum şahı Daranın Ərçə adlı oğlu qardaşı Şikarinin atası tərəfindən vəliəhd seçilməsini qəbul edə bilmir, ov bəhanəsiylə Şikarini saraydan uzaqlaşdırıb uzaq bir səhrada quyuya salır. Şah Daraya isə Şikarini ovda şirlərin parçalaması xəbərini verir. Keyvan tacir tərəfindən quyudan azad olunan Şikari onunla birlikdə ölkələri dolaşıb İslamı yaymaq uğrunda mübarizəyə qoşulur.

Digər lüğətlərdə