Şikar Şikarov (tam adı: Şikarov Şikar Şükür oğlu; 3 dekabr 1953, Bakı – 13 iyun 1992, Ağdərə, Ağdərə rayonu[d]) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini (1992).[1]
Şikar Şikarov | |
---|---|
Şikarov Şikar Şükür oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Ağdərə |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Şükür |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Təltifləri |
1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinin Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk diyarındakı hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.[2]
1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir.[2]
Ailəli idi. İki övladı var.[2]
1990-cı il 20 yanvar hadisələrindən sonra Azərbaycana qayıtmışdır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik etmiş, uğurlu əməliyyatlar keçirmişdir.[3]
1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində həlak olmuşdur.[3]
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.[4]
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır (əslən həmin kənddəndir).