is. [
ər. ]
1. İnsanın ictimai və şəxsi davranışında tutduğu mənəvi-əxlaqi prinsiplərin məcmusu; mənəvi yüksəklik, ululuq, heysiyyət. Şərəfini qorumaq.
– Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas; Düşər şənü şərəfdən mollalar, işanlar, insanlar. M.Ə.Sabir.
// Fəxr, iftixar ediləcək şey.
…[Rüstəm bəy:] [Məşədi İbad ilə] qohumluğu özüm üçün böyük bir şərəf hesab edirəm. Ü.Hacıbəyov.
// Namus, mənəvi saflıq, təmizlik, bəkarət. Şərəfini ləkələmək. Qadınlıq şərəfi.
– Telli kənd içində, el arasında [İslamın] papağını yerə soxmuş, namus və şərəfini ayaqlar altına salmışdı. S.Hüseyn.
Odur ki, Qulu [Teymurbəyi] təhrik etmək üçün daim şərəf məsələsindən bəhs edərdi. Çəmənzəminli.
// Yaxşı ad, etibar. Müəssisəmizin şərəfini qoruyaq.
2. Ehtiram, sayğı, hörmət.
Xaki-dərgahinə hər sübh sürtər gün üzünü; Qaliba ondan ona hasil olubdur bu şərəf. Füzuli.
3. Şərəfinə şəklində – birinə hörmət əlaməti olaraq, birinin adına, xatirəsinə. Ceyran evdə olduqca böyük bir süfrə görür.
Eldar onun şərəfinə böyük bir hazırlıq yapdırmış( dı)… S.Hüseyn.
[Firəngiz] ilk badələri Səmədin şərəfinə qaldıraraq, öz sözləri ilə dedi. B.Bayramov.
4. Şərəflə şəklində – ləyaqətlə, vicdanla, üzüağ. Vəzifəsini şərəflə yerinə yetirmək. Vətən naminə şərəflə çalışmaq.
– Qulaq as, gör anan nə öyüd verir; Şərəflə, vüqarla yaşayın ancaq. S.Vurğun.
◊ Şərəf lövhəsi köhn. – istehsalatda ən yaxşı, ən qabaqcıl işçilərin adı və şəkli vurulan lövhə.
Sarayın geniş, işıqlı, yaraşıqlı foyesində neft qabaqcıllarının şəkilləri vurulmuş böyük şərəf lövhəsi var idi. M.Rzaquluzadə.