Şamil Şahməmmədov
Şamil Məmməd oğlu Şahməmmədov (7 avqust 1935, Kirovabad – 26 iyul 2021, Bakı) — Azərbaycan peşəkar jurnalistikasının tanınmış nümayəndəsi, "Şöhrət"ordenli, Prezident təqaüdçüsü Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi. "AzərTAc"ın baş direktoru (1995–2002)
Şamil Məmməd oğlu Şahməmmədov 1935-ci ildə anadan olmuşdur. Fəal jurnalist yaradıcılığı ilə XX əsrin 50-ci illərindən Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi ikən məşğul olmağa başlamışdır. O, əvvəl radio ilə əməkdaşlıq etmiş, 1957-ci ildən isə dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti "Bakı"ya işə götürülmüşdür. Burada Şamil Şahməmmədov 30 ildən artıq müddətdə milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə məktəbi keçmişdir. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləmiş və nəhayət, baş redaktor vəzifəsinədək yüksəlmişdir. "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor müavini və AzərTAc-da baş direktor olması vəzifəsinədək yüksəlmişdi. Bakıda 1960–1970-ci illərin ən möhtəşəm tikintilərindən olan metro, funikulyor, Yaşıl Teatr, Mərkəzi Univermağın inşası barədə ilk reportajları məhz Şamil Şahməmmədov yazmışdır. Onun Bakı şin zavodunun tikintisindən və Suraxanı neftçilərinin fəaliyyətindən bəhs edən oçerkləri Yazıçılar İttifaqının "Azərbaycan" ədəbi-bədii jurnalında dərc olunmuşdur. Onun iyirmi il ərzində "idman jurnalisti" kimi "Kommunist", "Ədəbiyyat və incəsənət", Moskvanın, Kiyevin axşam qəzetlərində, habelə "Ulduz" jurnalında onlarla futbol icmalları dərc olunmuşdur.