Tağı Əbdülrəhimov
Tağı İbrahim oğlu Əbdülrəhimov (mart 1907, Salyan, Cavad qəzası – 13 fevral 1983, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR su təsərrüfatı naziri (1951–1953, 1954–1965) və meliorasiya və su təsərrüfatı naziri (1965–1971), Azərbaycan SSR əməkdar irriqatoru (1971), "Stalin" mükafatı laureatı (1951).
== Həyatı ==
Tağı İbrahim oğlu Əbdülrəhimov 1907-ci ildə Salyan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 14 yaşında, 1921-ci ildə başlamışdır. 1927–1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, Azərbaycan Su Təsərrüfatı İdarəsində çalışmışdır.Tağı Əbdülrəhimov 1931-ci ildə topoqrafiya-tədqiqat dəstəsinin rəhbəri olmuşdur. 1932-ci ildə Lənkərana işə göndərilmiş, 1933-cü ildən Salyanda suvarma qurğuları inşaatında, 1935-ci ildən isə yenidən Lənkəranda suvarma sistemləri idarəsində çalışmış, elə həmin ildən suvarma sistemləri idarəsinin rəisi işləmişdir. 1941-ci ildə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi təyin edilmişdir.1947-ci ildə Tağı Əbdülrəhimov Azərbaycan SSR su təsərrüfatı nazirinin müavini vəzifəsinə irəli çəkilmiş, 1951-ci ildən isə su təsərrüfatı naziri olmuşdur. Sonralar Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini və başqa məsul vəzifələrdə çalışmış, 1954-cü ildə yenidən su təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir. 1965-ci ildən isə Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri olmuşdur. Bu illər ərzində onun bilavasitə iştirakı ilə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur–Dəvəçi kanalları, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağsu dəryaçaları, Baş Şirvan və Mil–Qarabağ kollektorları kimi iri qurğular tikilmişdir.Tağı Əbdülrəhimov 1971-ci ildə təqaüdə çıxaraq həyatının sonunadək pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda hidrotexnika və hidromeliorasiya işlərinin texnologiyası və təşkili kafedrasının dosenti işləmişdir.Tağı Əbdülrəhimov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, IV, VI və VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, 1954–1956-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1956–1961-ci illərdə Partiya Təftiş Komissiyasının üzvü, 1966-cı ildən isə yenidən Mərkəzi Komitə üzvlüyünə namizəd olmuşdur.