Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi (1848, Təbriz – bilinmir) — XIX əsr Azərbaycan təzkirəçilərindəndir.
“Behcətüş-şüəra” adlı təzkirənin müəllifidir. Bu təzkirəçi haqqında məlumatı Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” təzkirəsindən alırıq. Əsrar təxəllüslü Əlişah Təbrizi Şah Nemətulla təriqətinə bağlı olan dərvişlərdəndir. O, h.1265/1848-ci ildə anadan olmuşdur. İyirmi beş min beytdən ibarət divanı vardır. M.Tərbiyət Əsrarın iki kitab təlif etdiyini, orada h. XIII / m. XIX əsr Azərbaycan söz ustalarının və növhə yazan şairlərin şeirlərini, eləcə də divanlarında daha çox türk dilində və nadir hallarda fars dilində şeir, qəzəl və rübailər olan şairlərin tərcümeyi-halını topladığını qeyd edir.
“Behcətüş-şüəra” təzkirəsi haqqında daha ətraflı məlumat Əhməd Gülçin Məaninin “Farsca təzkirələrin tarixi” əsərində verilmişdir.