sif. 1. Danışmaq qabiliyyətindən məhrum olan, danışa bilməyən. Lal adam.
// İs. mənasında.
Lalın dilini anası bilər. (Məsəl).
Biz yetişdik yığın-yığın kor, lal; Hər tərəfdən sağır, çolaq və topal. H.Cavid.
□ Lal eləmək məc. – susdurmaq, danışmaq iqtidarından məhrum etmək.
Bir qüvvə bunların hər ikisini guya lal eləmişdi. İ.Musabəyov.
…Mədinə saray gözəllərini lal edəcək bir hüsnlə Vaqifə baxır, onun qəlbini hər dəqiqə yaralayırdı. Çəmənzəminli.
Lal əlifbası – lalların barmaqları vasitəsilə şərti işarələr göstərməkdən ibarət danışma üsulu.
Lal olmaq – danışmaq qabiliyyətini itirmək, danışa bilməmək.
// Susmaq, səsini kəsmək, sükut etmək, danışmamaq, dili tutulmaq. Teymur baxır ki, bayaqdan tutuquşu kimi danışan vəzirlər, əyanlar Molla Nəsrəddini görcək lal oldular. “M.N.lətif.
” Lal olmuşam onu sevəndən bəri; Yoxsa qalmaz idim söz qabağında. Q.Zakir.
Düşdün niyə bəs bu hala əlhal? Bilməm nə səbəbdən olmusan lal? M.Ə.Sabir.
Lal durmaq – susmaq, susub durmaq, dinməmək, sükut etmək.
[Nurəddinin] içərisindən xəbəri olmayan adamlar onun belə lal durmasını vəfasızlıq … zənn etdilər. S.S.Axundov.
Lal olasan! (olsun!) – qarğış məqamında işlənir.
Əzizim, dəydi yara; Su gəldi, dəydi yara; Lal olasan, ay dilim; Nə dedim, dəydi yara? (Bayatı).
2. məc. Ahəstə, sakit, səssiz.
Gecə sakit, gecə lal; Gecə qərib bir xəyal; Qaralmış pəncərələr. S.Vurğun.
[Salam] lal (z.) axan kəhriz suyundan ovuc dolusu içdi. Mir Cəlal.
◊ Lal xəritə – tədris vəsaiti kimi istifadə edilən yazısız coğrafi xəritə.
Lal səhnə – teatr tamaşalarında, kinofilmlərdə danışıqsız, səssiz səhnə.