Kəmaləddin Behzad
Kəmaləddin Behzad (1455-1536) — Şərqin görkəmli ustad rəssamlarından biri, Səfəvilər saray kitabxanasının rəisi.
== Həyatı ==
Kəmaləddin 1455-ci ildə Orta Asiyanın Xocənd şəhərində anadan olmuşdu. 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Təbrizə gələrək, Şah İsmayılın sarayına daxil olmuşdu. Üç hökmdarın sarayında yaşamış Behzad Şah İsmayılın hakimiyyəti zamanı daha çox şöhrət qazanmışdır.
Şah İsmayıl Xətainin istedadlı sənət adamlarına necə yüksək qiymət verdiyini XVI əsr Bağdad sənətşünaslarından Mustafa Çələbi Əlinin 1578-ci ildə yazdığı "Mənaqibi hünərvəra" adlı əsərində görmək olar. Müəllif göstərir ki, Şah
İsmayıl 1514-cü ildə I Sultan Səlim ilə müharibədən bir qədər əvvəl, məşhur rəssam Behzad və öz şəxsi saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə, onların salamat saxlanması barədə tədbir görmüşdür. Bu tarixi
həqiqət haqqında Şah İsmayılın dilindən deyilmiş sözlərin sadələşdirilmiş şəklini misal gətiririk:
"...Sultan Səlim Şah İsmayıl ilə Çaldıran səhrasında yaxın bir məsafadə
idi... "Kim bilir, bəlkə müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq
baş verdi", - deyərək, Sultan Səlim xan Ruminin əlinə əsir düşməmək üçün əvvəl
Şah Mahmud Nəjadi və ikincisi misilsiz ustad rəssam Behzadı bir mağarada
gizlətmişdi. Və "Sizin hifsinizi Allaha tapşırdım" deyib müharibəyə getmişdi. Ol
zaman ki, müharibədə məğlub olub geriyə qayıtdı, cümlədən əvvəl yuxarıda adları
zikr olunanları tapmaq üçün həmin məhəlləyə varıb diqqətlə axtardı.