Güngörməz qalası
Güngörməz qalası — Hacıqabul rayonu, İkinci Udullu kəndi ərazisində yerləşən arxeoloji abidə.
== Ümumi məlumat ==
Güngörməz qalası rayon mərkəzindən 45 kilometr aralıda yerləşir. Mənbələrə görə, bu yaşayış yerinin tarixi antik dövrdən XVII əsrə qədər olan böyük bir müddəti əhatə edib. Deyilənlərə görə, qala gün düşmədiyi üçün "Güngörməz" adlandırılıb. Düşmən hücumlarından qorunmaq üçün inşa edilən qala dağın ən hündür zirvəsində tikilib. Divarlarının eni 3 metrdir. Daxilində isə əlavə divarlar mövcuddur. Bu divarların da aşağı hissəsi 2 cərgə nəhəng sal daşlardan ibarətdir. Güman edilir ki, siklopik qalaları xatırladan "Güngörməz" qalasının inşasından əvvəl də bu ərazidə müdafiə qalası mövcud olub. "Güngörməz" qalasının tikintisində də siklopik qala qalıqlarından da istifadə edilib.