Gürcüstan iqtisadiyyatı
Gürcüstan iqtisadiyyatı 90-cı illərdə baş verən kəskin tənəzzüldən sonra 2000-ci illərdə tədricən dirçəlməyə başlayıb. Gürcüstan aqrar-sənaye ölkəsidir. 2004-cü ildən etibarən iqtisadiyyatı sabit artım tempi, kiçikhəcmli büdcə kəsiri (2006-cı ildə ÜDM-in 0,3%-i həcmində), valyuta ehtiyatlarının sürətlə artması, xarici dövlət borcunun idarəolunan səviyyəyə düşməsi və inflyasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunur.
== Makroiqtisadi göstəricilər ==
2006-cı ildə burada iqtisadi artım 9,6%, adambaşına düşən ÜDM 3153 lari (1771 ABŞ dolları) təşkil etmişdir. Son 3 ildə (2004-2006) büdcə xərclərinin orta illik 47% artması qiymətlərin bahalaşmasını stimullaşdıraraq 2006-cı ildə 8,8%-ə çatmasını şərtləndirmişdir. Xarici ticarət balansında irihəcmli kəsirə baxmayaraq, ölkəyə intensiv axıb gələn xarici investisiyalar daxili valyuta bazarında təzyiq yaradaraq ABŞ dollarına nəzərən larinin məzənnəsini 2002-ci ilin aprelindən etibarən davamlı olaraq bahalaşdırmaqdadır.
Gürcüstanın ÜDM istehsalı 1990-cı ildə 8,5 milyard dollar olduğu halda 2010-cu ildə 11,7 milyard dollara yüksəlib. Müqayisə üçün onu bildirək ki, 1990-cı ildə Ermənistanın ümumi daxili məhsul (ÜDM) istehsalı indiki (2010-cu il) qiymətlərlə 2,2 milyard dollar idisə, 2010-cu ildə 9,3 milyard dollar, Azərbaycanda isə 1990-cı ildə olan 6,5 milyardlıq ÜDM istehsalı 2010-cu ilin yekununda 54,3 milyard dollarlıq istehsala çatıb. 1990-cı ildə Gürcüstan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdi. 2010-cu ildə isə Gürcüstan Cənubi Qafqaz iqtisadiyyatının 15,5 faizini formalaşdırır.